Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır.
Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.